Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
27 Yanvar , 2021
27 Yanvar - Tarixçi alim Sara Aşurbəylinin anadan olmasının 115 illiyi, (1906-2001) “Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”. Ulu öndər Heydər Əliyev Aşurbəyli Sara Balabəy qızı — Azərbaycan alimi, tarixçisi və şərqşünası. Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olmuşdur. O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" və "Şirvanşahlar dövlətinin tarixi" kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universitetinin Fəxri Doktoru adını almışdır.Görkəmli alim 2001-ci il iyulun 17-də 96 yaşında vəfat etmişdir. Sara xanım Aşurbəyli XX əsrin inqilabdan əvvəlki, sovet və postsovet dövrlərindəki Azərbaycan qadınının yeni obrazının təcəssümü idi. Əsərləri: “Bakı şəhərinin tarixi: Orta əsrlər dövrü.” (1998), “Şirvanşahlar dövləti (VI – XVI əsrlər)” (1997), “Azərbaycanın orta əsrlərdə Hindistanla iqtisadi və mədəni əlaqələri” (1990), “Orta əsr Bakı (VIII - əvvəli.XIX ə.s.) tarixi oçerk.” (1964), “Şirvan şəhərlərinin sosial-iqtisadi və siyasi tarixinin XVI - XVII ə. Azərbaycan MEA-nın tarix İnstitutunun arxivi”, “IX - X əsrlərdə Şirvanın xəritəsi” və s. Filmoqrafiya: Böyük İpək Yolunda (film, 1986) (elmi məsləhətçi)