Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
10 Aprel , 2022
Yelmar Şahmar oğlu Edilov 1946-cı il aprel ayının 10-da Ağdam rayonunda anadan olmuşdur. 1954-1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1964-cü ildə Minsk şəhərində hərbi xidmət keçmiş, hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunaraq texnikumda yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1988-ci ildə Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid etmiş və bu işə yalnız 1990-cı ildən sonra başlanmışdır. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atə­şə tutulmuş, onun rəhbərliyi ilə Kolanı kəndində yaradılmış özünümüdafiə batalyonu Ağdamda dəfələrlə ermənilərə lazımi cavab vermişdilər. Qazançı, Sırxavənd, Manikli kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuş, 1993-cü ilin iyununda Şahbulaq yüksəkliyi uğrunda döyüşə rəhbərlik etmiş, yüksəkliyi ələ keçirmiş, lakin əlavə kömək gəlmədiyinə görə geri çəkilməli olmuşdur. 1994-cü ilin aprel ayının 11-də “Çərik” istiqamətində düşmən hücumunun qarşısı alınmış, düşmənin iki tankı və onlarla canlı qüvvəsi məhv edilmişdir. Həmin döyüşdə komandir Yelmar Edilov həlak olmuş, lakin düşmənin irəliləməsinə imkan verməmişdir. Bakı şəhərindəki II Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə Edilov Yelmar Şahmar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.