Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
26 Aprel , 2022
Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 1952-ci il aprel ayının 27-də Şəki rayonunun Oxut kəndində - Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun ailəsində anadan olmuşdur. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra təhsilini Şəki şəhər 5 saylı fəhləgənclər məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə Şəki İpək İstehsalat Birliyində başlamışdır. 1971-ci ildə Şəki şəhər Daxili İşlər şöbəsində milis nəfəri vəzifəsinə təyin edilir. 1976-cı ildə Milis məktəbinə oxumağa göndərilən Mikayıl Cəbrayılov 1978-ci ildə məktəbi müvəffəqiyyətlə bitirib, leytenant rütbəsi alır və sahə müvəkkili vəzifəsinə təyin edilir. 1990-cı il dekabrın 12-də baş leytenant Mikayıl Cəbrayılov dörd nəfər polis əməkdaşı ilə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndinin müdafiəsində iştirak etməli idilər. Bu o vaxt idi ki, erməni yaraqlıları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə, eləcə də digər Azərbaycan rayonlarına tez-tez hucum edir, dinc əhaliyə aman vermirdilər. Mikayıl dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfər əsgərlə Kosalar kəndinə yola düşür. Cəmilli-Kosalar arasında ermənilər qəflətən hücuma keçir. Snayper gülləsi bir polis serjantını yaralayır. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yara alır. O, maşından yerə atılıb, yoldaşlarının həyatını xilas etmək üçün düşmənlə ölüm-dirim mübarizəsinə girir. Kənd sakinlərinə döyüş meydanını tərk etməyi əmr edən Mikayıl quldurlarla təkbətək qalır. Baş leytenant ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da, son anda döyüş meydanında həlak olur. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Şəki rayonunun Oxut kəndində dəfn edilmişdir. Adına Şəki şəhərində küçə var. Həlak olduğu kənd onun adını daşıyır.