Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
23 May , 2022
Mərifət Əhməd oğlu Nəsibov 1972-ci il may ayının 22-də Qazax rayonunun Məzən kəndində dünyaya göz açmışdır. 1979-cu ildə məktəbə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il hərbi xidmətə çağırılmışdır. Sovet Ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərifət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, Həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu. Mərifət Nəsibov 1992-ci il yanvar ayının 28-i Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına şəhid oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir. Qazax rayonundakı H.Əliyev adına parkda adına bulaq tikilmişdir.