22 İyun , 2022
Eldar Baxış oğlu Ağayev (Eldar
Baxış) 1947-ci il iyun ayının 22-də
Qubadlı rayonunun Diləli Müşkanlı
obasında, kəndli ailəsində anadan olmuşdur. Kənddə ibtidai, Qubadlıda isə
onbirillik məktəbi bitirib Azərbaycan
Dövlət Universitetinin (indiki BDU)
tarix fakültəsində təhsil almışdır. Bakı
kəndlərində müəllimlik etmiş, əsgəri
xidmətdə olmuşdur. Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri
Şirkətində (indiki ATRV QSC) kiçik
redaktor, redaktor (1972-1988), televiziyanın Ədəbi-dram verilişləri baş
redaksiyasının Televiziya tamaşaları
şöbəsinin böyük redaktoru (1988-1990)
vəzifələrində çalışmışdır. O, “Səs” və
“Nəfəs” qəzetlərini yaratmış, “Səs”
qəzetinin baş redaktoru olmuşdur.
1992-1993-cü illərdə yenidən
Azərbaycan Televiziya və Radio
Şirkətində Gənclik Yaradıcılıq Birliyinin İctimai-Siyasi şöbəsinin müdiri
işləmişdir. 1993-cü ildən radionun Bilgi və Uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur.
“Köynək” adlı ilk şeiri 1966-cı
ildə “Azərbaycan gəncləri” qəzetində
dərc olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm olaraq çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə
olunmuşdur. 1985-ci ildə Vladivostokda keçirilən Ümumittifaq poeziya festivalında iştirak etmişdir. 1982-ci ildə
Kukla Teatrı onun “Məlikməmməd”
pyesini tamaşaya qoymuşdur. Bu pyes
Mərdəkan Xalq Teatrı aktyorlarının ifasında Praqada da nümayiş etdirilmişdir. Eyni zamanda Xalq Teatrlarının
Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür.
Bir çox xalqların ədəbiyyatından
seçmə nümunələri doğma dilimizə tərcümə etmişdir. Bunlardan
A.S.Puşkinin “Çiçək, Arzu, Morfeyə”,
R.Rojdestvenskinin “Gözləmə zalı”
şeirlərini və V.Şukşinin “Bir evin
sakinləri” povestini Azərbaycan dilinə
çevirmişdir.
1981-ci ildə “Azərbaycan” jurnalında çap etdirdiyi “Qaravun dərənin
dükançası” onun ilk nəsr əsəri olmuşdur. “Uzun Həsən” pyesi Şuşa
Dövlət Teatrında tamaşaya hazırlansa da erməni təcavüzü üzündən oynanılmamışdır. 1981-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü olmuşdur.
1992-ci ildə Özbəkistanın “Ürək dostları” klubunun fəxri üzvü seçilmişdir.
Eldar Baxış 1996-cı il may ayının 22-də Bakıda vəfat etmişdir.