Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
18 İyun , 2022
Səfiyar Abuzər oğlu Behbudov 1967-ci il iyun ayının 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. 1987-ci ildə ordudan tərxis olunduqdan sonra Bərdə rayon Hərbi Komissarlığının təqdimatı ilə zabitlik kursuna göndərilmişdir. Zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar Behbudov 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bərdədə “Soy” Demokratik Gənclər Təşkilatını yaradaraq rayon gənclərini öz ətrafında toplamışdır. Xocalı soyqırımından sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Behbudov Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci il mart ayının 11-də ermənilər Əsgəran yaxınlığındakı posta hücum edərək oranı mühasirəyə alırlar. Öz PDM-i ilə döyüşə atılan Səfiyar Behbudov tapşırığı uğurla yerinə yetirərək düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir. O, Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsilə qarşılaşsa da, geri çəkilmir. Lakin bir müddət irəlilədikdən sonra cəsur döyüşçü vurulur. Ermənilər onu ağır yaralı vəziyyətdə əsir götürürlər. 10 günlük əsir həyatında olmazın işgəncələrə məruz qalan mərd döyüşçü düşmənə heç bir sirr vermir. Gənc zabitin cəsədini 1992-ci il martın 21-də çətinliklə də olsa almaq mümkün olmuşdur. Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992 ci il tarixli 833 saylı Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Təhsil aldığı 6 saylı Bərdə rayon orta məktəbi qəhrəmanımızın adını daşıyır.