Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
14 İyul , 2022
Tahir Əminağa oğlu Bağırov 1957-ci il iyul ayının 14-də Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşdur. 1957-ci ildə ailəsi ilə birlikdə Əli Bayramlı (indiki Şirvan ş.) şəhərinə köçmüşdür. 1972-ci ildə 8-ci sinfi bitirmiş, təhsilini peşə məktəbində almışdır. 1977-1979-cu illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində İES-də nəqliyyat sexində işləmişdir. Tahir Bağırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulmuşdur. 1992-ci ilin 1 mart tarixində 843-cü hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunmuş, sonra isə Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Mİ-24 helikopterində bort atıcısı vəzifəsinə keçirilmişdi. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir. Xocalı faciəsi zamanı yaralıların, dinc əhalinin çıxarılmasında böyük rəşadət göstərmişdir. Tahir Bağırov Füzuli, Ağdərə, Laçın rayonlarında gedən döyüşlərdə xüsusi fərqlənmişdir. 1992-ci ilin 11 oktyabrında Laçının Səfiyan istiqamətində gedən döyüşdə vertolyot ermənilər tərəfindən vurularkən baş çavuş Tahir Bağırov qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi. İki övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli Fərmanı ilə Tahir Əminağa oğlu Bağırova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Şirvan şəhərində yaşadığı küçəyə, 11 saylı orta məktəbə, Həzi Aslanov qəsəbəsindəki 59 saylı orta məktəbə qəhrəmanın adı verilmiş, büstü qoyulmuşdur. Suraxanı rayonunun Əmircan qəsəbəsindəki küçələrdən biri Milli Qəhrəmanın adını daşıyır.