Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
16 İyul , 2022
Sərxan Surxay oğlu Ocaqverdiyev 1967-ci il iyul ayının 16-da Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. 1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə hərbi xidmət borcunu yerinə yetirib Vətənə dönmüş və Gəncə Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1991-ci ildə təhsilini uğurla başa vurub, Gəncə Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlamışdır. 1992-ci ildə Goranboy özünümüdafiə batalyonuna üzv yazılmış, Şəfəq, Zeyvə, Tap-Qaraqoyunlu kəndlərinin müdafiəsi zamanı qanlı döyüşlərdə iştirak etmişdir. Sərxan Ocaqverdiyev az müddətdə düşmənin xeyli canlı qüvvəsini məhv edərək, əsl Azərbaycan əsgəri kimi yüksək döyüş nümunəsi göstərmişdir. Goranboyun Talış kəndi ermənilərə ərazicə ən yaxın kənd hesab olunurdu. Onlar bu kəndə aramsız hücumlar edirdilər. Lakin Goranboyun mərd oğulları sinələrini düşmənin qarşısında sipərə çevirmişdilər. 5 may 1992-ci ildə erməni faşistləri növbəti dəfə Talış kəndinə hücuma keçərkən Sərxan Ocaqverdiyev bu qanlı döyüşdə qəhrəmancasına həlak oldu. Goranboy rayonunun Səfikürd kəndində dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci tarixli 833 saylı Fərmanı ilə Ocaqverdi-yev Sərxan Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Təhsil aldığı Tatarlı kənd orta məktəbi qəhrəmanın adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.