Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
7 Sentyabr , 2022
Məhərrəm Mirəziz oğlu Seyidov 1952-ci il sentyabr ayının 7-də Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə doğma kəndlərində orta təhsilini başa vurmuş və Xerson şəhərinə hərbi xidmətə yollanmışdır. Əmək fəaliyyətinə daxili işlər orqanlarında başlamışdır. Bakı Xüsusi Orta Milis Məktəbini bitirmiş, Şərur rayon Daxili İşlər Şöbəsində inspektor vəzifəsində çalışmışdır. Milis kapitanı idi. 1990-cı ildə ermənilərin Kərki kəndinə hücumunun qarşısını alanlardan biri də Məhərrəm olmuşdur. Minlərlə erməni qulduru Kərkini darmadağın edərək evləri yandırmış, soydaşlarımızı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur etmişdirlər. Onlar daha da azğınlaşaraq, Sədərək rayonuna tərəf irəliləyirdilər, vəziyyət son dərəcə gərgin idi. 1990-cı il yanvar ayının 19-da Sədərəyin müdafiəsi təmin olunsa da xeyli ölən və yaralanan var idi. Kapitan Azər Seyidov mühasirəyə düşmüşdür. Onu azad etmək üçün Məhərrəm yenidən döyüşə atılır. O, öz döyüş yoldaşını mühasirədən çıxarır, lakin özü şəhid olur. Seyidov Məhərrəm Mirəziz oğlu Şərur rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Şərur şəhərində adına küçə var, tuncdan büstü qoyulmuşdur. Şərur şəhər 2 saylı orta məktəb Azərbaycanın Milli Qəhrəmanı Seyidov Məhərrəm Mirəziz oğlunun adını daşıyır.