Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
14 Sentyabr , 2022
Sergey Aleksandroviç Senyuşkin 1957-ci il sentyabr ayının 15-də Samara vilayətinin Sızran şəhərində anadan olmuşdur. 1974-cü ildə Sızran şəhər 21 saylı orta məktəbi bitirdikdən sonra Sızran Politexnik İnstitutuna daxil olmuşdur. 1975-ci ildə təhsilini Ali Hərbi Təyyarəçilik məktəbində davam etdirmişdir. 1979- cu ildə məktəbi bitirərək Belorusiya Hərbi Dairəsinə göndərilmişdir. 1989-cu ildə Zaqafqaziya Hərbi Dairəsindəki hərbi hissələrdən birinə komandir müavini təyin edilmişdir. Sergey Aleksandroviç birinci dərəcəli təyyarəçi, paraşüt idmanı üzrə ustalığa namizəd idi. Sergey Mİ-8, Mİ-24 vertalyotunun uçuş proqramını dərindən öyrənmişdir. 1992-ci ildən xidmətini Azərbaycanda davam etdirən Sergey Senyuşkin 843 saylı hərbi hissənin Təlim-məşq Mərkəzinin təyyarəçi-təlimatçısı vəzifəsinə təyin edilmişdir. Qarabağda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Əhalinin təhlükəsiz yerlərə daşınmasında müstəsna xidmətləri olmuşdur. Sergey hərbi vertalyotla Xocalıya uçmuş, qoca qadın və uşaqların təhlükəli zonadan çıxarılmasında böyük fədakarlıq göstərmişdir. Yaralansa da, öz borcunu layiqincə yerinə yetirən Sergey Senyuşkin 1992-ci il fevral ayının 29-da qəhrəmancasına həlak olmuşdur. Samara vilayətinin Sızran şəhərində dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı Fərmanı ilə mayor Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Bakının Xətai rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.