Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
10 Noyabr , 2022
Oqtay Güləli oğlu Güləliyev 1962ci il noyabr ayının 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirmiş və hərbi xidmətə çağırılmışdır. 1984cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına daxil olmuşdur. 1989-cu ildə institutun iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın rayon Daxili İşlər Şöbəsində pasport bölməsində baş inspektor, sonra isə polis rotasının komandiri təyin olunmuşdur. Məlum “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşmüşdür. O, 80 nəfər əsgərimizi təhlükəsiz zonaya çıxarmağa nail olmuşdur. Pircahan kəndi yaxınlığında yaralanan Oqtay hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdır. 1992-ci il sentyabrın 19-da Oqtay Güləliyev Laçın dəhlizini götürmək üçün əməliyyat planını hazırlayır. Əvvəlcə Hocaz kəndini, sonra isə Nərgiz yüksəkliyini ələ keçirmək planı hazırlamış, rotası ilə birlikdə düşmənin canlı və hərbi 
texniki qüvvəsini məhv etmişdir. Sus və Qızılca kəndlərindən keçib yenidən Hocaz kəndinə dönərkən mühasirəyə düşmüşdür. Oqtay Güləliyev yoldaşlarını çətin vəziyyətdən xilas edərək, onları təhlükəsiz yerə keçirsə də, özü qəhrəmancasına həlak olmuşdur. Ailəli idi. İki övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı Fərmanı ilə Güləliyev Oqtay Güləli oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Laçın şəhərində və Piçənis kəndində adına məktəb var. 2015-ci il noyabr ayının 24-də Laçın rayonundan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Oqtay Güləliyev haqqında çəkilmiş “Laçın qartalı” sənədli filminin təqdimat mərasimi keçirilmişdir.