Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
23 Noyabr , 2022
Kəlbəcər rayonu Qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Xanlar (Göygöl), Goranboy, şimalişərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 kv.km olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardır. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəlbəcər rayonunun əhalisinin sayı 85,5 min (01.04.2013) nəfərdir. Əhalisinin 98 % azərbaycanlılar, 2% ruslar, İrandan gəlmə kürdlər və b. millətlər təşkil edir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. 30 000-dən artıq bulağı olan rayonu təbiətin muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaqlar, o cümlədən məşhur İstisu var.  Kəlbəcər rayonu Vəngli kəndində Gəncəsər monastırı, Xoxanaberd, Xaçın knyaz sarayı, Havaptux monastırı, Bazarkənd kəndində Vaçar yaşayış yeri, Mamakan xatun kilsəsi, Müqəddəs Stepanos kilsəsi, Kolatağ kəndində Böyük Arran monastırı, Kolatağ monastırı, Dovşanlı kəndində Harva kilsəsi, Bağlıpəyə kəndində Xudavəng monastırı, Zar kəndində Müqəddəs Tanrı anası monastırı, Qozlu kəndində Xatirəvəng monastırı, Vaquas monastırı, Qırmızı monastır, Həsənriz kəndində Akan qalası, Çapar kəndində Qırmızı daş monastırı, Çərəkdar kəndində Çərəkdar monastırı, Yayıcı kəndində Xilaskar kilsəsi mövcuddur. Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə erməni vandalları tərəfindən işğal olunmuşdu. Rayonun 54 mindən artıq əhalisi məcburi köçkün düşmüş, 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 
9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100lərlə maşın, texnika və s. talan edilmiş və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı. Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşmışdı. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 58 min (1993) nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdı. İşğalçı Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr olduğu kimi, bu qətnamə də kağız üzərində qalıb. Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı. Sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan Cənubi Qafqazın ən güclü ordusu ərazilərimizi birbirinin ardınca düşmən tapdağından azad etdi. Digər çıxış yolunun olmadığını aydın şəkildə başa düşən Ermənistan hakimiyyəti işğalçı ordusunu Ağdam və Kəlbəcərdən çıxarmağa məcbur oldu. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Kəlbəcər rayonu Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanının 1.13-cü bəndinə müvafiq olaraq Şərqi  Zəngəzur iqtisadi rayonuna daxil edilmişdir. 22 iyun 2021-ci il tarixində “Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında” və 28 iyul 2021-ci il tarixində “Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır.