Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
23 Yanvar , 2023
Mari-Anri Beyl (Stendal) 1783-cü il yanvar ayının 23-də Fransanın Qrenobl şəhərində anadan olmuşdur. Vəkil ailəsində doğulmuşdur. 7 yaşında ikən anasını itirən Stendal humanist və respublikaçı olan babasının himayəsində böyümüşdür. Almaniyanın Stendal şəhərinin adından götürülmüş Stendal təxəllüsü Mari-Anri Beylin 100-dən çox təxəllüsündən biridir. O, 1799-cu ildə hərbi nazirlikdə qulluğa girmiş, I Napaleonun İtaliya səfərində (1800) iştirak etmişdir. 1806-1814-cü illərdə intendant kimi Napaleonun bir sıra hərbi səfərlərində, o cümlədən Rusiyaya yürüşündə iştirak etmiş, Moskvanın yandırılmasının, Borodino döyüşündə fransız ordusunun Rusiyadan qaçmasının şahidi olmuşdur. Napaleon imperiyasının süqutundan sonra İtaliyaya getmiş, Karbonarilər hərəkatının rəhbərləri ilə əlaqə saxlamış, italyan romantikləri ilə yaxınlaşmış, 1821-ci ildə Fransaya qayıtmış, ədəbi həyatda fəal iştirak etmişdir. 1814-cü ildə Milana köçmüşdür. Bir sıra əsərləri ölümündən sonra nəşr olunmuşdur. İlk əsərləri musiqiyə aid olmuşdur. Stendalın ədəbi yaradıcılığı fransız tənqidi realizminin ilkin mərhələsidir: “Roma, Neapol, Florensiya (1817)”, “Məhəbbət haqqında (1822)”, Rasin və Şekspir (1823-1825)” və s. Kitablarında idealist estetikaya, ədəbi ehkamlara, incəsənətin ictimai vəzifəsini, realizmi, təbiiliyi və hayatiliyi mudafiə etmişdir. 1830-cu ildə yazdığı “Qırmızı və qara” və 1839-cu ildə qələmə aldığı “Parmanın kartezian kilsəsi” romanları ilə tanınmışdır. Romantizm dövründə yaşamış yazıçının özündə ironiyanı, psixoloji və tarixi təsvirləri birləşdirən realist əsərləri kifayət qədər qiymətləndirilməmişdir. Ölümündən sonra Stendalın romanları və novellaları ən çox oxunan əsərlər siyahısına düşmüşdür. Onun “Napoleonun həyatı” adlı bioqrafik və avtobioqrafik əsərləri yazıçının həyat və yaradıcılığını öyrənməkdə qiymətli materialdır. Stendal 1842-ci il mart ayının 23-də vəfat etmişdir.