Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Ümummilli lider
25 Avqust , 2015

Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşündüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik. Gənclər bilməlidirlər ki, 1941-1945-ci illər müharibəsində, dünya, bəşəriyyət tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub. Onlar öz qəhrəmanlıqları ilə xalqımızın hörmətini qaldırıblar, Azərbaycan xalqını tanıdıblar. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək olmalıdır.” 

Heydər Əliyev

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tarixi 1939-cu ildən hesablanır. Məktəbin ilk məzunlarının təyinat yeri 1941-ci ildə, demək olar ki, alman faşizminə qarşı döyüşən orduya olmuşdu. Bu müharibədə o vaxt Bakı Piyada Məktəbi kimi fəaliyyət göstərən məktəbin 9000 məzunu zabit qismində cəbhəyə göndərilmiş, onlardan 22-si Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bunların üçü azərbaycanlıdır- Həzi Aslanov, Ziya Bünyadov və Aslan Vəzirov.
Bakı Piyada Məktəbinin orduda azərbaycanlı zabit kadrlarının artmasında böyük rolu olmuşdur. 1952-ci ilin buraxılış günü məktəbin tarixində ən əlamətdar 
günlərdən biridir. Belə ki, buraxılan zabit kadrlarının 34 faizini azərbaycanlılar təşkil etmişdir. O vaxtdan etibarən azərbaycanlı kadrların qəbulu artmışdır.
1958-ci ilin ortalarında SSRİ Nazirlər Sovetinin qərarına əsasən hərbi məktəblər orta təhsil sistemindən ali təhsil sisteminə keçdilər. Həmin vaxtdan məktəbin adı dəyişilərək Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi olmuşdur.
1973-cü il aprelin 7-si məktəbin həyatında ən yadda qalan gün hesab edilir. Həmin gün Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev məktəbi ziyarət etmişdir. O dövrlərdə Heydər Əliyev mütəmadi olaraq məktəbin fəaliyyəti ilə maraqlanır və buraxılış günlərində məzunlarla bir yerdə olurdu. O zaman orduda azərbaycanlı zabit kadrlarının artmasında Heydər Əliyevin böyük rolu olmuşdur.
Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra yeni yaranmış silahlı qüvvələrin ilk zabit və əsgərləri 1991-ci il dekabrın 8-də Şəhidlər Xiyabanında qara mərmər lövhələrdə əbədiləşmiş yurddaşlarımızla üzbəüz dayanıb onların başladıqları işə, vətənə, torpağa sadiq qalacaqlarına, nəyin bahasına olur-olsun düşmənə aman verməyəcəklərinə and içmişdilər. 
1992-ci ilin aprel ayından məktəb Azərbaycan Respublikasının hüquqi tabeliyinə keçirilmiş, motoatıcı qoşunlar üçün zabitlərdən başqa on üç peşə üzrə zabitlər hazırlamağa başlamışdır. 
Yarandığı ildən yeniləşən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantları erməni təcavüzkarlarının törətdiyi Qarabağ müharibəsində, Müstəqil Azərbaycanın bütövlüyünün və suverenliyinin qorunmasında fəal iştirak etmişlər. 
Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşlər.
2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə məktəb Azərbaycan Ali Hərbi Məktəbi adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanı ilə məktəbə Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin adı verilmişdir.