Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Ümummilli lider
25 Avqust , 2015

Qədim dövrlərdən başlayaraq bu günə kimi Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan və birləşdirən baxışlar sisteminin əsasında azərbaycançılıq ideyası təşəkkül tapmışdır. Böyük mütəffəkirlərin, dövlət adamlarının, ictimai xadimlərin fəaliyyətində bu ideya zaman-zaman özünü göstərmişdir.
Xalqımız dünyaya Zərdüştü və “Avesta” kitabını, “Kitabi Dədə Qorqud”u və qorqudçuluq məfkurəsini, “Koroğlu”nu bəxş etmişdir ki, bunlar da bir tərəfdən ümumi azərbaycançılıq məfkurəsinin, məxsusi digər dəyərlərin, ümumi düşüncə və ictimai davranış tərzinin formalaşması və adət-ənənə sisteminin bərqərar olmasına təkan vermiş, digər tərəfdən isə Şərqin oxşar mənəvi dünyasının əsaslarının qurulmasında mühüm rol oynamışdır. Milli ideya, milli estetik düşüncə böyük Azərbaycan klassiklərindən N.Gəncəvinin, İ.Nəsiminin, M.Füzulinin yaradıcılığında, XVII-XVIII əsrin şifahi xalq ədəbiyyatında, məhəbbət və qəhrəmanlıq dastanlarında daha geniş təzahür etmişdir.
Sonrakı dövrlərdə Xətainin yaradıcılığının ana xəttini təşkil edən azərbaycançılıq ideyası XIX-cu əsrin sonu XX əsrin əvvəllərində fəaliyyət göstərmiş, milli maarifçilərin də yaradıcılığına təsirini göstərmiş, təkmilləşmiş, sistemli bir milli ideyaya çevrilmişdir.
Sovet Azərbaycanı dövründə bu ideyanın təbliği ilə əlaqədar bir sıra idarə və müəsissələr yaradılmış, 1923-cü ilin əvvəllərində Azərbaycan Tarix Muzeyi, Azərbaycan Maddi-Mədəniyyət Abidələrini Mühafizə edən Komitə, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyətə başlamışdır. 1924-cü il sentyabr ayının 21-də Azərbaycanı Tətqiq və Tətəbbö Cəmiyyəti Bakı şəhərində I Ümumazərbaycan ölkəşünaslıq qurultayı çağrılmışdır. Qurultayın işində N.Nərimanov da iştirak etmişdir.
Azərbaycançılığın ümumimilli ideya halına gəlməsi, Müstəqil Azərbaycan dövlətinin ideyasına çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir.
Böyük öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə yanaşı, Azərbaycan xalqının ideya təməli olan konsepsiyanın–azərbaycançılığın ideyasının inkişafına xüsusi fikir vermişdir.
Heydər Əliyevin azərbaycançılığı ümumimilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövləti naminə göstərdiyi böyük tarixi xidmətlərdən biridir.
Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bir-birindən çətin, o dövrdə həyati əhəmiyyətli, məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin təminatı konsepsiyası hazırlanmışdır.
2001-ci il noyabr ayının 9-10 da ulu öndərin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi ilə soydaşlarımızın həmrəyliyi bir daha təmin edilmişdir. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırlmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyulmuş, görüləcək işlərin bir mərkəzdə toplanması üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdı.
Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xarici ölkələrə səfəri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırması, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırması, azərbaycançılıq ideologiyasının soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü işlərin aparılması bu istiqamətdə həyata keçirilən siyasətin uğurlu davamının göstəricisidir.
Azərbaycançılıq ideyasının təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər Azərbaycan mədəniyyətinin tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın maddi və qeyri-maddi mədəni abidələri artıq YUNESKO-nun Dünya irsi siyahısındadır. YUNESKO tərəfindən İçərişəhər dünyanın ən gözəl abidələri siyahısına, Azərbaycan muğamı isə Qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Eyni zamanda YUNESKO ilə birlikdə qaçqın və məcburi köçkün uşaqlar üçün mühüm təhsil layihələri, Atəşgah məbədinin bərpası, Qobustanın Dünya mədəni irs siyahısına salınması kimi layihələr hazırlanmışdır.
“Bizim ən böyük sərvətimiz bizim mədəni irsimizdir. Bizim ədəbiyyatımız, poeziyamız, musiqimiz, təkrarsız, nadir xalçaçılıq məktəbimiz, təsviri sənətimiz, memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət kimi bütün dünyada tanıtdırır. Bu gün bu mədəniyyəti qorumaq saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur.” Deyən Azərbaycanın birinci xanımının bu nəsihətamiz sözləri hər bir ləyaqətli soydaşımızın milli məfkurəsinin əsasını təşkil edir və etməlidir.