Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Ümummilli lider
3 Sentyabr , 2015

Heydər Əliyev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət idi. Azərbaycanın milli–mənəvi və əxlaqi dəyərlərinin ümummbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. O, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim izləmiş, ona ən ümdə vəzifəsi kimi baxmışdır.
Heydər Əliyev demişdir: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”.
Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edirdi.
Məlum olduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin vüsəti inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri biavasitə Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində Azərbaycan incəsənəti bütün dünya miqyasında tanınmışdır.
Keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə Heydər Əliyev yenə də Azərbaycan mədəniyyətinin qayğısına qalırdı. Onun sayəsində Azərbaycan mədəniyyəti ümumdünya mədəni məkanında tanınır, sevilirdi.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə “Kitabi-Dədə Qorqud” qədim yazılı abidəsinin, Füzuli, Nəsimi kimi korifey sənətkarlarının dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının hekayələrinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin yaradılması, “Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi memarlıq abidələri əlamətdar hadisələr idi. Bütün bunlar Azərbaycan xalqının milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürləri idi. 
Heydər Əliyev incəsənət xadimləri ilə görüşlərinin birində demişdir:“Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”.
Bu tarixi nailiyyətlərin, xalqımızın həyatında baş verən misilsiz yeniliklərin təşkilatçısı və himayədarı Heydər Əliyev idi. Köhnə libasını dəyişən, qədim milli mədəniyyətimizin kökləri üstündə çiçəklənən yeni Azərbaycan mədəniyyəti Heydər Əliyev dühasının bəhrəsi idi.
“Heydər Əliyev və mədəniyyət” kitabında Heydər Əliyevin 1969-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan mədəniyyət, incəsənət və ədəbiyat xadimləri-yazıçı, şair, rəssam, heykəltaraş, memar, xanandə, bəstəkar, aktyor və s. ilə çoxsaylı görüşləri, yubiley mərasimində sənət adamları ilə onların öz sənət dilində söhbətləri, ədəbi-mədəni irsimiz haqqında çıxış və nitqləri toplanmışdır. Bu zəngin materiallar bir tərəfdən Heydər Əliyevin ədəbi-mədəni irsimizə, mənəvi dəyərlərimizə sıx bağlı olmasını, ardıcıl qayğısını nümayiş etdirirsə, ikinci tərəfdən dövlətimizin müstəqillik tarixini yaradan Heydər Əliyevin yüksək intellektə, dərin zəkaya, fenomenal bədii təfəkkürə və təxəyyülə, geniş dünyagörüşünə malik olduğunu sübut edir. Azərbaycan mədəniyyət salnaməsinin qızıl səhifələri məqamında olan toplu, vətənini, xalqını, zəngin mədəni irsini dərin məhəbbətlə sevən hər bir adamın stolüstü kitabı ola bilər. Bu monumental toplu Heydər Əliyev irsini tədqiq edən və öyrnənlər üçün zəngin mənbədir.