Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Rayon haqqında
15 Oktyabr , 2015

Sabunçu rayonunun əsası 1920-ci ildə qoyulmuşdur, 1958-ci ildən “Lenin rayonu” adını daşıyırdı. 29 aprel 1992-ci ildən Lenin rayonunun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır.
Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, “Stepan Razin qəsəbəsi” adı verilmiş və 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Bakı şəhəri, eyniadlı rayonun inzibati mərkəzidir. Sabunçu rayonu öz maraqlı tarixi keçmişi, orta yüzilliklərdən qalmış hərbi- qalalar, qəsrlər baxımından və republikamızın neft sənayesinin tarixi obyekti kimi də tanınır.
Sabunçu qəsəbəsi 19- cu yüzilliyin sonu və 20- ci yüzilliyin əvvələrində eyniadlı qədim kənd ərazisində neft mədənlərində çalışan fəhlələr üçün salınmışdır. O vaxt neft mədənləri indiki baxımdan, Sabunçu yaşayış yerinə olduqca yaxın yerləşirdi. Sahibkarlar onlara məxsus neft mədənlərində işləyən fəhlələr üçün yaşayış evlərini, yataqxanalarını iş yerinə yaxın ərazidə tikirdilər. Çox hallarda bu binalar daşdan inşa olunurdu. Onların arasında 6 eyni tipli bina xüsusilə diqqəti çəkir. Bu evlərə əhali arasında “Nobel evləri” deyərdilər. Nobel qardaşlarının sifarişlə xüsusi layihə əsasında tikilmiş yaşayış binalarının mənzilləri rahatlığı və digər şəraiti ilə fərqlənirdi. Odur ki, bu mənzillərdə yaşayan fəhlə ailələri Nobel kimi sahibkara duaçı idilər.
Digər tərəfdən Nobel qardaşları özləri etiraf edirdilər ki, onlar bakı nefti hesabına milyonçu olmuş və neftdən qazanılan kapitaldan Nobel mükafatı fondu yaranmışdır.
O da tarixi həqiqətdir ki, keçmiş SSRİ məkanında ilk elektrik dəmir yolu 1924- cü ildə Bakıdan –Sabunçuya çəkilmişdir. Şərq üslubunda tikilmiş, öz memarlıq gözəlliyilə uzaqdan diqqəti çəkən Sabunçu vağzalı (Memar Baye) isə iki il sonra- 1926- cı ildə istifadəyə verilmişdir. Sonrakı illərdə bu dəmir yolu xətti paytaxtı Abşeron yarımadasının kurort kompleksi və abad çimərlikləri olan kənd və qəsəbələrlə birləşdirdi və öz dairəvi layihəsini tamamladı.
Məşhur sovet kəşfiyyatçısı Rixard Zorge, burada- Sabunçuda anadan olmuş, Ramanada onun adını daşıyan 90 saylı məktəb vardır. Məktəbin siniflərindən birində fotosənədlərdən ibarət guşə yerləşir. Bu materialllar kəşfiyyatçının mənalı həyatından olduqca maraqlı məlumatlar verir.
Sabunçu rayonu ərazisində yerləşən hərbi tarixi abidələr də dərin maraq doğurur. Belə ki, dəmiryolu dayanacağı yaxınlığında Ramana kəndi qarşısında təpəlikdə 14- cü yüzillikdə tikilmiş mükəmməl müdafiə sistemli qəsr, Nardarandakı orta yüzilliyə aid dördbucaqlı qala, Maştağa və Bilgəhdəki qəsrlər, Mərdəkandakı əzəmətli qala və dairəvi qəsr, Qalada, Şüvalanda, Şağanda Keşlədəki qalalar, “Qız qalası” və digəri ilə Abşeron yarımadasının əhalisini yadelli işğalçılardan qorumaq məqsədilə tiklimiş vahid hərbi müdafiə sistem idi ki, yağıların qəfləti hücumları haqqında biri digərinə gündüz tüstü, axşam saatlarında isə alov vasitəsilə xəbərdarlıq edərdilər.
Beləliklə, yarmadanın əhalisi, nəinki etibarlı müdafiə olunurdu, hətta qala və qəsr ərənləri birləşərək “çağrılmamış qonaqlara” sarsıdıcı zərbələr də endirərdilər...
Sabunçu rayonunda müasir tikililərdən Maştağada idmançıların istifadəsinə verilmiş Olimpiya idman kompleksi, məşqçi kadrları hazırlayan idman- metodik mərkəzlərdən başqa, onun inzibati mərkəzi olan A.A.Bakıxanov qəsəbəsində İ.Qayıbov adına 10 minlik stadionu göstərmək olar. 
Sabunçu rayonu ərazinin böyüklüyü (245 kv.km) əhalisinin əksəriyyəti fəhlələrdən ibarət olması, eyni zamanda burada qədim yaşayış məskənləri; Maştağa, Nardaran, Bilgəh, Sabunçu, Pirşağı, Balaxanı, Ramana, Zabrat kəndlərinin yerləşməsi- Bakı şəhərində turizm perspektivinin inkişafı baxımından rolu böyükdür.
Belə zəngin tarixi, mədəniyyəti olan Sabunçu adı necə izah olunur?
Bu barədə iki növ izah mövcuddur; xalq etimologiyası və elmi. 
Xalq etimologiyasına görə Sabunçunun öz adı ilə guya sıx, biliavasitə əlaqəsi var. Belə ki, neft mədənlərinin sayı artdıqca daha çox fəhlə cəlb olunur və fəhlələrin məişətində işlənən sabuna ehtiyacı da artırdı. Odur ki, işgüzar adamlar burada sabun bişirmə sexləri açır və bu işi getdikcə genişləndirirlər. Onların adı ilə də qədim terk yaşayış məskəni Sabunçu adlanır.
Bu coğrafi adın elmi açımı isə belədir. O etnonimdir, yəni tayfa adı ilə bağlıdır və onun yayılma məkanı çox genişdir. Bakıda Sabunçu adlı mineral bulaq, Zaqatala rayonunda: kənd, çay, Şəki şəhərində məhəllə, Xanlar rayonunda Sabunçu dərəsi, Tatarıstanda Sabunçe, Krımda- Sapun dağı, Qərbi Azərbaycanda Sabunçu dağı və yaşayış məntəqəsinin xarabaları, Türkiyədə Qars vilayətində Sabunçu qışlağı, qaraqalpaqlarda- Sapu adlı tayfa mövcuddur. Göründüyü kimi Sabunçu adının belə geniş ərazidə yayılması onun etnonim olmasına dəlalət edir. Türk mənşəli Sabunçu tayfası uzaq keçmişdə Quzey və tarixi Qərbi Azərbaycana etnik axın edərək burada məskunlaşmışdır.
Səfəvi hökmdarı Sultan Hüseynin fərmanında bu tayfanın türk mənşəli olması təsdiqlənir.
A.A. Bakıxanov qəsəbəsində Bakı Proletariatının inqilabi hərakəti ilə bağlı maraqlı bir yer də var. Bu Razin dağı və bu dağda yerləşən, haqqında çoxlu rəvayətlər gəzən mağaradır. Məlumdur ki, yaxınlıqdakı neft mədənlərində çalışan yüzlərlə fəhlələr yazda bura toplaşar, “dərdləşər”, iş şəraitindən narazılıqlarını bildirərdilər. Fəhlə liderləri narazı fəhlələri sahibkarlar qarşısında iqtisadi tələblər irəli sürməyə sövq edir, təbliğatı gücləndirirdilər.
Fəhə liderləri jandarm tərəfindən təqib olunanda mağaradan məharətlə istifadə edir, həbs olunmadan özlərini xilas edirdilər. İnqilabi hərəkat getdikcə güclənirdi. Razin dağında keçirilən fəhlə nümayişlərində, çıxışlarında daha çox adam iştirak edir, fəallıq artırdı.
Beləliklə, 1905- ci il 1 mayda Razin dağında Bakının neft mədənlərindən, neftayırma zavodlarından yüzlərlə fəhlələr mitinqə toplaşıb sahibkarlardan; 8 saatlıq iş günü, 12 günlük məzuniyyət, qadınların hamilə müddətinin, fəhlələrin xəstəlik günlərinin pul ödənişi və s. tələb etdilər. Bakı proletariatının inqilabi fəaliyyətində ilk dəfə olaraq bu tələblər icraya qəbul olundu. Sonra qəbul olunmuş sənəd inqilabın tarixinə “mazut konstitusiyası” adı ilə daxil oldu.
“2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Sabunçu rayonu ərazisində çox mühüm sosial əhəmiyyətli obyektlər tikilmişdir və restavrasiya işləri aparılmışdır.