Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Ümummilli lider
29 Oktyabr , 2015

Azərbaycanda hüquqi dövlət quruculuğu Heydər Əliyevin milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir

Müstəqiliyyini yenicə əldə etmiş Azərbaycan Respublikasında xalqının dövlətçilik məqsədlərinə və milli-mənəvi dəyərlərinə uyğun, demokratik inkişafa və beynəlxalq hüquqi məkana inteqrasiya prosesinə şərait yaradan hüquq və qanunvericilik sistemləri qurulmuşdur.
Azərbaycan Respublikası insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulmuş, bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq öz milli qanunvericiliyini yaratmışdır.

Müasir Azərbaycan dövlətinin qurulması prosesi, onun uğurlu inkişafı konsepsiyası kimi respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatları məhz Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin adı ilə bağlıdır.

1995-ci ilin əvvəllərində Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradılmış, komissiya tərəfindən ümumbəşəri ideya və dəyərləri özündə əks etdirən yeni Konstitusiya layihəsi hazırlanmışdır. Yeni Konstitusiyanın layihəsi 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi – referendumda qəbul edilmişdir.
Yeni Konstitusiya müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını müəyyən edərək və ən yüksək hüquqi qüvvəyə malik olmaqla respublikamızda hüquq sisteminin bünövrəsini təşkil etmiş və əsaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır. Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin əsas məqsədi kimi təsbit olunmuşdur.

Konstitusiyada təsbit olunmuş bu ali məqsədin təmin edilməsi istiqamətində bir sıra hüquqi islahatlar həyata keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədi ilə ulu öndər Heydər Əliyev tərəfindən 21 fevral 1996-ci il tarixdə “Azərbaycan Respublikasının Prezidentinin yanında hüquqi islahat komissiyasının yaradılması haqqında” mühüm Sərəncam imzalandı. Həmin Sərəncama əsasən ölkədə geniş hüquqi islahatlar keçirilməsi planlaşdırıldı.

Ümummilli liderimiz Heydər Əliyevin insan hüquqları sahəsində qəbul edilmiş sənədlər sırasında “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci tarixli Fərmanı, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 18 iyun 1998-ci il tarixli Sərəncamı xüsusi qeyd olunmalıdır.

Yeni Konstitusiya qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması sürətlənmiş, qısa dövr ərzində hüquqi sistemin bütün sahələrini tənzim edən bir sıra yeni qanunların hazırlanıb qəbul edilməsi mümkün olmuşdur.

Ədalət mühakiməsini həyata keçirən müstəqil və qərəzsiz hakimlər korpusunun formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və onun əsasnaməsi təsdiq edilmişdir. Bu səlahiyyətli orqanın yaradılması ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarını sürətləndirmiş və onların səmərəliliyini artırmışdır.

Demokratiya və insan hüquqlarında daim sadiq olan Ulu Öndərimiz Heydər Əliyevin dövlət quruculuğu prosesi bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.