Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
9 Yanvar , 2016

Elgiz Kərim oğlu Kərimov 1971-ci il yanvar ayının 5-də Bərdə rayonunda anadan olmuşdur. 1987-ci ildə orta təhsilini başa vurmuş, həmin il də hərbi xidmətə çağırılmışdır. Əsgəri borcunu yerinə yetirdikdən sonra  doğma yurduna qayıtmışdır.

Elgiz erməni işğalçılarının vətənimizə hücumu ilə barışa bilməmiş və 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılmışdır. Əsgəran yaxınlığında gedən şiddətli döyüşlər zamanı xüsusi fəallıq göstərmişdir. 1992-ci il 12 mart tarixində o mühasirəyə düşmüş, döyüşçü dostlarını xilas etmək üçün Naxçıvanik kəndinə gəlmiş, bir saata yaxın davam edən döyüş zamanı ermənilərin mühasirəsi yarılmış, döyüşçülər azad edilmişdi. Bu döyüşdə Elgiz Kərimov ağır yaralanmış və 21 yaşında vətən uğrunda qəhrəmancasına şəhid olmuşdur.

          Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Bərdə rayonunda dəfn edilmişdir.