Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Elanlar
16 Yanvar , 2016

20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 26 il öncə Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın “Qızıl ordusu”nun, sovet hərb maşınının hücumuna məruz qalmış, təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli hesyiyyətimiz tankların tırtılları altına atılmışdı.

          20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq,  onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Unutmamlıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil, həm də xalqımızın şan və şərəf günüdür. 1990-cı ilin 20 yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində “Qanlı Yanvar”ın tarixi, mənəvi, siyasi və s. aspektləri təhlil edilmiş, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilmişdir.

          ...Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin  əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridilmişdir. SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin hazırlayıb həyata keçirdiyi,  “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİDTK-nın “A” təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda faciə zamanı 137 insan öldürülmüş, 744 nəfər ağır xəsarət almış, 841 nəfər isə qanunsuz olaraq həbs edilmişdir. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılmışdır. Öldürülənlər arasında beş millətin nümayəndələri, qadınlar və uşaqlar var idi. Qara Yanvarın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılmış və bir geri qaytarılmamışdır.

          XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyyanaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi tədqiqatlarda da təsdiqlənir.

          O gün Moskvada matəm saxlayan Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayılmışdı. O gün heç kəs başını aşağı əymədi, “Azadlıq! sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik... İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!