Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
23 May , 2016

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)- müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılmışdı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

          Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

          1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlaliyyət Bəyyanaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etmişdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdı. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görməmiş və bütün vətəndaşların siyasi hüquqlarını təmin etmişdi.

          Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilmişdi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülmüş, yalnız 1918-ci ilin senytabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçmüşdü.

          Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qabiliyyətlər əldə etmişdir. 96 il bundan əvvəl ilk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Müstəqil Azərbaycan Cümhuriyyəti, o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatları həyata keçirmişdir.

          Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə 1918-ci il iyun ayının 4-də tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur.

          1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respubliaksının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilmişdi. Təəssüflər olsun ki, Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalmış, müvəqqəti olaraq derilmişdi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etmişdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməmiş və M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ” şüarı öz əksini tapmış və nəhayət, 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etmişdir.

          1990-cı ildən Respubika Günü –dövlət müstəqilliyinin bərpa edilməsi günü, dövlət bayramı kimi qeyd edilir.