Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
13 İyul , 2016

Bu nemət yolunda candan keçiblər.

 İnsan tanınıbdır duzla-çörəklə,                               

 Ən böyük andı da ona içiblər!                                                                                           

Qədim zamanlardan bəri insanı bitkilər “yedirir”.Bəs, onlardan hansına üstünlük verməli? Şübhəsiz ki, insanlara çörək verən bitkilərə.Lakin belələri az deyil.Bu bitkilər taxıl adlanır. Bunlara çovdar, vələmir, buğda daxildir. Bəs onlardan hansını birinci yerə qoymalı? Buğdanı.

Artıq neçə min ildir ki, o bizi yedirir.Buğdanın dənlərindən əmələ gələn un olmasaydı insanların işi çətinləşərdi. Yer kürəsində dənli bitkilər üçün ayrılmış əkin sahələrinin təxminən yarısında buğda əkilir. Buğdaya dünyanın bütün guşələrində rast gəlmək olar.Axı, buğda çörəyi Yer kürəsində yaşayan bir çox xalqların əsas qidasıdır. Gerbimizdə buğdanın qızılı sünbülü təsvir edilmişdir. Bu, bizim torpağın bolluğu, məhsuldarlığı rəmzidir.

          “Çörək” elə bir anlayışdır ki, onun insan taleyində, insan mənəviyyatında oynadığı rolu hər  hansı bir epitetlə səciyyələndirməyə ehtiyac yoxdur. “Vətən” anlayışı, “xalq”, “ana” anlayışları kimi... hətta çörəyə “müqəddəs” dedikdə belə, biz o anlayışa heç nə əlavə etmirik, çünki müqəddəslik həmin anlayışın-“çörək” anlayışının tərkib hissələrindən biridir.

Ömür boyu süfrəmizi bəzəyən, qolumuza qüvvət verən, gözümüzə işıq bəxş  edən, bizi qidalandıran, zəkalandıran çörəyin çox maraqlı və qədim tarixi var. Çörək gör necə qeyri-adi bir nemətdir ki, insan doğulandan ömrünün sonunadək hər gün onun qarşısında səcdə edir, lakin yenə də bu sirli nemətdən həmişəlik doymur. İnsan çörəkdən yalnız müvəqqəti doyur, azacıq keçəndən sonra yenidən bu əvəzsiz nemətə müraciət edir. Çörək ixtira olunan gündən bəri insana daim dayaq olub,onu yaşadır,orqanizmini formalaşdırır, gözəlləşdirir, güclü və qamətli edir. Yaşamaq üçün tələb olunan qidanın yarıdan çoxunu insana çörək bəxş edir. Ta qədimlərdən bəri ata-babalarımız dost-tanışı həmişə duz-çörəklə qarşılamışlar.

Düşmən qabağına ata-babalar

Çıxıblar qılıncla, qorxmaz ürəklə;

Qəlbi nur diləkli bizim obalar

Dostu qarşılayıb duzla, çörəklə

Duz-çörək həqiqətən sədaqət, düzlük, əmin-amanlıq, həmrəylik rəmzidir. İnsan zəkası ömür boyu çörəkdən nurlanır, işıqlanır, böyük kəşflər və ixtiralar edir, yerin təkini, ərşin ənginliklərini öyrənir, əl çatmayan, iz düşməyən, nəfəs dəyməyən səmalarda cövlan edir, qanad çalır. Hər şey dəyişir, insan da, onun zəkası da.Lakin çörək yenə də çörəkliyində qalır. O, insan üçün həmişə faydalı, ətirli və daimidir; dövlətin, ölkənin,xalqın qüvvət və qüdrət mənbəyidir, insanın səadət və xoşbəxtliyidir. Çörək ən çətin anlarda insanı imtahan edəndir,onun xeyirxahlığının, bədxahlığının meyarıdır, ölçüsüdür.

İnsanpərvərlik, qayğı, mərhəmət, şəfəq, sülh və əmin-amanlıq dövründə çörək müdrik diplomatdır, mahir təbliğatçıdır, qüdrətli siyasətdir, dəhşətli müharibədə silaha sarılmış rəşadətli əsgərdir, fəlakətə məruz qalmış bir xalqa, anasız, kimsəsiz, ümidsiz körpəyə həyat bəxş edən bir əzəmətdir.Çörəyə pərəstiş etməyi, onu göz bəbəyimiz kimi qorumağı ulu babalarımızdan öyrənmişik. El-oba çörəyə bərəkət deyib,axı, bol çörək xoşbəxtlik, bəxtiyarlıq, əmin-amanlıq deməkdir.

Çörək bəşəriyyətin ən nadir, ən əziz nemətidir. Əsrlər boyu xalqımız süfrələrindəki halal çörəklə fəxr eləmiş,“bir gün duz-çörək kəsdiyin yerə qırx gün salam ver” demişlər.Çörək dostluq, qardaşlıq,etibar rəmzi sayılıb,əgər biri ilə çörək kəsmisənsə,əgər birinin süfrəsinin başında əyləşmisənsə, deməli sən onun xeyirxahısan.Bu duz-çörəyi dünyanın ən müqəddəs qanunları tək tez-tez xatırlayırsa,bu qanunları pozmaq heç ağlına da gəlmir.

Çörəyə hörmət azərbaycanlıların, həm də təkcə azərbaycanlıların yox, yəqin ki, bütün dünya xalqlarının milli ənənəsidir.Təsadüfi deyil ki,Azərbaycan xalqının ən müqəddəs andı çörək andıdır, nə qədər çörək əfsanələri, çörək nağılları, çörək nəğmələri var...

İnsan xoş günündə də, çətin anında da çörəyə baş əyib, süfrəsində loxma kəsdiyi adama duz-çörəyinə görə qiymət qoyub,söz-sözü gətirəndə kişi kimi deyib: “Mən o adamın qonağı olmuşam,çörəyini yemişəm”.

Bəli, çörək vicdanımız, qeyrətimiz olub. Çörək bizim and yerimizə çevrilib.Görürsən ki,düz sözünə inanmırlar, naəlac qalıb, son  ehtiyatına, ən müqəddəs məbədə-çörəyə and içirsən:“And olsun çörəyə”. Boynuna qoyulan ən ağır cəzanı, irəli sürülən ən ağır ittihamı belə “And olsun çörəyə”...sözlərini dilinə gətirməklə özündən uzaqlaşdıra, sovuşdura bilərsən.Çörəyə and içərsənsə, deməli, düzsüən,deməli sənin bu işdən xəbərin yoxdur. Bəli, çörək bu qədim və qoca dünya kimi uludur, qədimdir.

Torpağı bol olanın çörəyi də bol olar, deyiblər.Çörəyin  varsa, deməli Vətənin də qüdrətlidi, heç zaman basılmaz.Doğurdan da, çörək halallıq və düzlük meyarıdır. El-oba, tayfa arasında qan düşəndə, qan su yerinə axanda belə ağsaqqalar çörəyə and içiblər. And içiblər ki,daha qardaş-qardaşa əl qaldırmasın, sülh, əmin-amanlıq olsun.

Dədə-babadan çörək düzlüyün, halallığın, paklığın rəmzi kimi səslənib.Çörək həyatdakı bütün müqəddəsliklərin, gözəlliklərin meyarına, ölçü vahidinə çevrilib. Bütün günahlar,haqsızlıqlar çörəyin adı ilə aradan qaldırılıb. Adamlar çörəyə and içiblər, paklaşıblar, təmizləniblər.Pis-pis əməllərdən  əl çəkiblər.Dünyanı, neçə-neçə ölkələri fəth edənlər,qılınclı-qalxanlı sərkərdələr qabaqlarına çıxan bütün maneələri əzib-töküblər, vurub –dağıdıblar, amma çörəyi tapdalamağa cürət eləməyiblər. Çörəyin zəhmindən qorxublar,çəkiniblər. Biliblər ki,çörək gec-tez onların gözünü tutacaq,onları cəzalandıracaq.Adamlar Qurana and içiblər, Qurana əl basıblar, amma çörəyə and içməyiblər, çörəyə əl basmayıblar.Çörək bir növ insanları təmizləyir, tərbiyə eləyirdi, onları səbirli və təmkinli olmağa təhrik eləyirdi.

Çörək insanın ömür-gün “yoldaşıdır”. Onun sağlamlığının ən fəal keşikçisidir. Deməli,elə haradasa çörəyin bol və keyfiyyətli olması insanın sağlamlığına,xoşbəxtliyinə xidmət eləyir, o,sabahkı gününə inamla baxır.

Deməli, biz sabahkı günümüzün  qayğısına qalmalıyıq.Çörəyin keşiyində durmalıyıq. Bütün diqqətimizi ona sarı yönəltməliyik, onu Yer üzünün ən müqəddəs neməti,ana torpağın yetirdiyi ən əziz məhsulu tək uca tutmalıyıq. “Çörəyə hörmət eləyin,çörəyi uca tutun!” Kaş sonrakı nəsillər bizim bu arzumuza əməl eləyəydilər. Bizim sonrakı nəsillərdən ən böyük xahişimiz, bax elə budur!

Biz həyatımızın, bizi əhatə eləyən təbiət gözəlliklərinin- çayların, göllərin, meşə və suların qədrini bildiyimiz, qoruduğumuz kimi, gərək çörəyin də qədrini bilək, onu gözdən düşməyə qoymayaq. Həyatda mövcud olan bütün müqəddəs insani qanunları-alicənablığı, düzlüyü, paklığı qoruduğumuz kimi çörəyi də qorumalı, onu bəşəriyyətin yaratdığı ən əziz nemət kimi uca tutmalıyıq.

Əkilən, biçilən sahə, toplanılan məhsul hələ çörək demək deyil.Kövşəndə biçilən, döyülən buğda zavodlarda çörək halına düşənəcək uzun  və dolanbac yollar keçir.

Təzə buğda, tər buğda,

Xırman üstə sər buğda

Ruzudur, bərəkətdir,

Çölə düşən hər buğda.

“Çörək” adlı simfoniyanın yaranmasında müxtəlif  sənət və peşə sahiblərinin- melioratorların,mexanizatorların, əkinçilərin, biçinçilərin, çörəkbiçirənlərin, maşınqayıranların da iştirakı var. Ölkəmizdə elə bir peşə , sənət sahibi yoxdur ki, onun işi, fəaliyyəti nəticə etibarı ilə çörəyə, çörəyin bol olması kimi müqəddəs bir məqsədə xidmət eləməsin.Yer üzündə çörəyə sərf edilən əməkdən də gözəl nə ola bilər?!Böyük Səməd Vurğun gözəl demişdir:

Torpağa düşməsin havayı bir dən,

Çörək bol olarsa, basılmaz Vətən!

İnsan çox kəşflər eləyib. Amma indi məktəbli uşaq da bilir ki, çörək-kəşflər kəşfidir.Çörək-müəllimlər müəllimidir. Çörək-ağlın, qəlbin  göy qurşağıdır. Hikmət məktəbidir çörək...

Dünyada hər şey dəyişir, bircə çörək öz əbədi mənasında, əzəli məzmununda qalır. Çörəyin qədrini bilmək- həyata vurğunluğun, müqəddəsliyin əsl nişanəsidir.Qoy süfrələrimiz həmişə müqəddəs, ətirli , bol çörəkli olsun. Sənli, mənli,hamılıqca,elliklə çörəyi göz bəbəyi kimi qorumaq, yerdə-ayaqlar altında görəndə hüzurunda əyilib götürmək, ehtiramla öpüb hündür, uca yerə qoymaq, bir sözlə,onu türbələr türbəsi sanmaq hamımızın vətəndaşlıq borcudur.Çətin günün çörəyini qorumaq, daha düzü, qorumağı bacarmaq-könüllü fədailikdir,təkcə beş –on adam,ya el-oba yolunda yox, bütöv bir Vətən uğrunda şəhidlikdir.Sözün əsl mənasında qəhrəmanlıqdır. Bəzəksiz-düzəksiz, saf, xalis qəhrəmanlıq.Sünbülü öz balası kimi böyüdüb,çörəyi ərsəyə gətirən insan qarşısında baş əymək hər bir kəsin vətəndaşlıq borcudur.

Biz kitabxanaçılar bu mövzu ilə əlaqədar müxtəlif səpgidə  tədbirlər: söhbət, sərgi, dəyirmi masa, viktorinalar və s.keçirməliyik. Bu mövzu ilə əlaqədar olaraq oxucularda çörəyə hörmət, ehtiram, sevgini aşılamalıyıq .Vətənimizi qorumaq, çörəyimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur.

                   

 Metodika biblioqrafiya şöbəsinin müdiri: S.Nuriyeva