Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanlıların soyqırımı
31 Mart , 2018
Bu gün 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlarla bağlıdır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olub. Sovet dönəmində üstündən sükutla keçilən mart qırğınları 1998-cı ildən etibarən ulu öndərimiz Heydər Əliyevin 26 mart tarixli fərmanına əsasən hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Tarixi faktlar göstərir ki, 31 mart əslində, 1918-1920-ci illər ərzində zaman-zaman Azərbaycanın ən müxtəlif bölgələrində həyata keçirilən soyqırımların
anım günüdür. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında ermənilərlə ruslar Azərbaycan türkünü qanına-qəltan ediblər. Bundan əvvəl və sonra bu cür soyqırımlar çox törədilsə də, 1918-ci il martın 31-də baş verən qətl öz miqyasına görə bunların hamısından fərqlənir.Qeyd edək ki, hələ martın 31-nə qədər, daha dəqiqi, martın 18-21-də də
Bakıda dəhşətli hadisələr baş vermişdi. Dörd gün ərzində şəhərin müsəlman əhalisi top atəşinə tutulur, güllələnir, diri-diri yandırılırdı. Bəzi məlumatlara görə, həmin günlərdə çox sayda müsəlman qətlə yetirilmişdi. Qırğının törədilməsinin başlıca səbəbi Azərbaycanın müstəqilliyinin qarşısının alınması, Bakının mühüm iqtisadi və siyasi əhəmiyyəti ilə bağlıydı. İngilis arxivlərini öyrənən türk tarixçisi Salahi Sonyel elə qənaətə gəlib ki, 1918-ci ilin martında 8-12 min azərbaycanlı qətlə yetirilib. ABŞ tarixçiləri C. və K. Makkartilər də 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını yazırlar.