Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
12 Oktyabr , 2018
XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağrılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Beləliklə, 1991-ci ilin bu günü Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı, varisi elan olundu. Ötən əsrin əvvəllərində cəmi 23 ay müstəqil olan Azərbaycan yenidən azadlığa qovuşdu. 1991-ci il dekabr ayının 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi-referendum keçirildi. Referendum bülletenlərində yalnız bir sual vardı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verdi. 1992-ci ilin mayında Milli Məclis (parlament) Azərbaycan Respublikasının Dövlət Himnini (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadındır), bir müddət sonra isə Dövlət Bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət Gerbini təsdiq etdi. Bütün təbii sərvətlərin xalqa mənsubluğu haqqında qərar qəbul edildi. Elə həmin aktdan bəri Azərbaycan bütün sahələrdə beynəlxalq sazişlərə imza atmağa başladı, müstəqil inkişaf yoluna qədəm qoydu. Konstitusiya aktı həm də siyasi və iqtisadi münasibətlərin yeni fundamental prinsiplərini müəyyən etdi. Müstəqil Azərbaycan Dövlətinin qarşısında duran ən mühüm vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin həll edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, didərgin düşmüş vətəndaşlarımızın öz yurdlarına qaytarılması, respublikamızın iqtisadi tərrəqisinə nail olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, iqtisadi islahatların və demokartik proseslərin daha da dərinləşdirilməsidir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və hər birimizin borcu onu qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyanın qabaqcıl dövlətləri səviyyəsinə qaldırmaqdan ibarətdir.