Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
25 İyul , 2018
Əlimərdan bəy Topçubaşov 1863-cü ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Anası Sevər xanım Vəkilova Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundan idi. İlk təhsilini I Tiflis gimnaziyasında almış və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmiş və 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir. Lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etməkdən imtina etdi və universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə verməmişdir.

Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə, vəkil vəzifələrində çalışmış, Tiflis geodeziya məktəbində hüquqdan dərs demişdir.

8 noyabr 1934 cü ildə Paris ətrafında, vəfat etmiş, Əlimərdan bəy Topçubaşovun məzarı Sen Klu şəhər qəbirstanlığında yerləşir.
Azərbaycan parlamentində fəaliyyəti
1918-ci il dekabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başladı. Milli Şuranın və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda M.Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. İstanbulda olmasına baxmayaraq, Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanmış Ə.Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçilmişdir. Tarixçi F.Kazımzadənin yazdığı kimi: "Parlamentin prezidenti seçilən Ə.Topçubaşov yüksək təhsilli hüqüqşünas, öz görüşlərində dözümlü idi". Dekabrın 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Ə.Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Şeyxülislamov, Əhməd bəy Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil oldu. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Bu zaman Ə.Topçubaşov Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. Parisə təkcə Azərbaycan nümayəndələri deyil, Don, Kuban, Dağlılar İttifaqının, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Onlar da İstanbulda idi. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Ə.Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər. Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Bu bir ay ərzində Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti Vudro Vilsonla görüşü olmuşdur.