Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
15 May , 2019

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.

Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”

Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1993-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. 

Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ailə bayramı hər il müxtəlif bölgələrdə təşkil olunur.