Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
27 May , 2019

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) yaradılıb. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olub.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan edib. Müstəqil Azərbaycan dövləti təşkilati etibarilə respublika idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib.

10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb, yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib.

İlk dəfə qadınlara seçim hüququ verən və qadın-kişi bərabərliyini təmin edən Müstəqil Azərbaycan Cümhuriyyəti, o cümlədən milli ordu, milli pul, demokratiya, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının tanınması, Azərbaycanın bütövlüyünü təmin edib, iqtisadi islahatları həyata keçirib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə 1918-ci il iyunun 4-də tanıyan ilk dövlət Osmanlı dövləti olub. 1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilib. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib.

Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və M.Ə.Rəsulzadənin “Bir Kərə Yüksələn Bayraq, Bir Daha  Enməz” şüarı öz əksini tapıb və nəhayət, 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib. 1990-cı ildən 28 may Respublika günü–dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.