Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
17 İyun , 2019

İyun ayının 18-i Azərbaycanda İnsan Hüquqları günüdür. Ölkə Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il bu tarix ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Fərəhli haldır ki, Azərbaycan dünyada öz Milli İnsan Hüquqları Gününü qeyd edən yeganə ölkədir.

Bu əlamətdar gün ölkəmizdə təntənəli şəkildə qeyd olunmaqla yanaşı, hamı üçün, o cümlədən, insan hüquqlarının müdafiəsi ilə məşğul olan hər bir kəs üçün önəmli bir gündür.

1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Bu Əsas Qanunun maddələrinin təxminən üçdən biri məhz insan hüquq və azadlıqlarının qorunmasına aiddir.

1998-ci il 18 iyun tarixində insan hüquqları sahəsində ilk proqram “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, 28 dekabr 2006-cı il tarixində “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 27 dekabr 2011-ci il tarixdə “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edimişdir. Milli Faəliyyət Proqramının “İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbiri”ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanmışdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən 5 mart 2002-ci il tariixndə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusman) haqqında” fərman imzalanmışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il Milli İnsan Hüquqları günü ərəfəsində mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Bununla bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də vətəndaş cəmiyyəti təşkilatlarına, QHT-lərə, habelə kütləvi informasiya vasitələrinə müvafiq tədbirlərin həyata keçirilməsi, insan hüquqlarına diqqqətin bir qədər də artırılması, bu hüquqların təminatı və təbliği məqsədini daşıyan tövsiyələr verilir.

Azərbaycan Respublikası insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə “İnsan hüquqlarının və əsas azadlıqlarının qorunması haqqında” Avropa Konvensiyasına və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakta qoşulmuşdur.

2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır.