Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
30 İyun , 2019

30 iyun 1934-cü il Bəstəkarlar İttifaqının yaranma günüdür. Azərbaycan Bəstəkarlar İttifaqının tarixi XX əsrdə meydana gəlmiş yeni musiqi mədəniyyətimizin tarixi hesab oluna bilər. Bu təşkilat cəmiyyətin həyatının ən çətin zamanlarında yaranıb və şərəfli yol keçmişdir. Bəstəkarlar İttifaqına 1936-cı ildən ömrünün sonuna kimi dahi Üzeyir Hacıbəyli (1936-1948) rəhbərlik etmiş, bütöv bir bəstəkar nəslinin yetişməsində müstəsna rol oynamışdır. O, Bəstəkarlar İttifaqının yaradılma məqsədi və  fəaliyyətinin istiqamətlərini özündə əks etdirən Nizamnaməni tərtib etmiş və mili musiqimizin yüksək tərəqqisini təmin edən bir təşkilat kimi təşəkkülü və formalaşmasının əsasını qoymuşdur.

1948-ci ildə Ü.Hacıbəylinin vəfatından sonra İttifaqın sədri vəzifəsində Ü.Hacıbəylinin tələbəsi, bir çox mahnıların bəstəkarı, Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olmuş Səid Rüstəmov (1948-1952) seçilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqı tarixində 30 illik böyük bir mərhələ məhz Qara Qarayevin (1953-1982) adı ilə  bağlıdır. O,1953-cü ildən ömrünün sonuna kimi İttifaqın əvəzsiz sədri kimi çalışmış, bu təşkilatı SSRİ Bəstəkarlar İttifaqının ən qabaqcıl qurumları səviyyəsinə qaldıra bilmişdir.

1990-cı ilin  fevralında keçirilmiş VII qurultay Qara yanvar günlərinin ağır psixoloji durumunu özündə əks etdirirdi.  Bu, Azərbaycan Bəstəkarlar İttifaqının tarixində musiqi proqramı olmayan, yalnız təşkilati məsələləri gündəmə çıxaran yeganə qurultay olmuşdur. Həmin qurultayda İttifaqın sədri bəstəkar Tofiq Quliyev (1990-2000) seçilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin tənzimlənməsində, musiqi sənətimizin imkişaf etdirilib dünya miqyasında tanıdılmasında xalqımızın ümumilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərdə ümumilli liderimiz Heydər Əliyevin yaradıcı şəxslərə xüsusi dəstəyi, müəlliflərin hüquqlarının qorunmasına, onların yaradıcılığı üçün əlverişli şəraitin yaradılmasına göstərdiyi böyük diqqət və qayğı sayəsində daha da artmışdır.

Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin 2008-ci il 14 aprel tarixli Sərəncamına əsasən bina Bəstəkarlar İttifaqının istifadəsinə verilmişdir. Həmçinin, Prezident İlham Əliyevin “Azərbaycan  Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında” 2007-ci il 12 mart tarixli Sərəncamına uyğun olaraq, burada yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılmış, bundan əlavə, musiqi alətləri, müasir texniki avadanlıq alınmışdır. Bir il müddətində bu üçmərtəbəli memarlıq abidəsi (bina 1912-ci ildə tikilib) əsaslı şəkildə yenidən qurulmuşdur.

Azərbaycan Bəstəkarlar İttifaqının tarixində ən böyük hadisələrdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakının Xaqani küçəsi 55 ünvanında yerləşən İttifaqın binasının əsaslı təmir  və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə 2009-cu il sentyabrın 1-də açılış mərasiminin keçirilməsi olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ərəfəsində, binanın istismara verilməsi və onun təmirdən sonra açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı, birinci vitse-prezident, YUNESKO və İSESKO-nun  Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın iştirak etməsi musiqi ictimaiyyəti üçün ikiqat bayram olmuşdur.

Hazırda Azərbaycan Bəstəkarlar İttifaqı öz sıralarında 200-ə yaxın yüksəkixtisaslı, peşəkar bəstəkar və musiqişünaslar ordusunu birləşdirir. Təşkilatın başında Q.Qarayev məktəbinin ən parlaq nümayəndələrindən biri olan və beynəlxalq aləmdə öz sözünü demiş, yüksək nüfuz qazanmış bir şəxsiyyət-Respublikanın Xalq artisti, professor, YUNESKO-nun “Sülh artisti”, "Şöhrət” və “Şərəf” ordenli, AMEA-nın müxbir üzvü  Firəngiz Əlizadə durur.