Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
26 İyun , 2019

"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərdə bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir."

                                                              Ali baş Komandan İlham Əliyev

 

"Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir."

                                                                Ümummilli lider Heydər Əliyev

 

Tarixdən məlumdur ki, ordu dövlətin suverenliyini və onun ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvədir və ona görə də ordu quruculuğu dövlət quruculuğunun tərkib hissəsindən biridir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xarici siyasətə başladı və dövlətlərarası münasibətlərə daxil olmağa cəhd göstərdi. 

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə-əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət-orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

26 iyun tariximizin əlamətdar səhifələrindən biri-Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etmişdir.

Milli Ordunun yaranması Azərbaycan xalqının milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri idi. Məhz güclü, nizmai ordu 1918-ci il may ayının 28-də elan edilmiş istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20 minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı savaşa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daşnaklar buna nail ola bilmədilər.

İyun ayının 26-da ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul edilmiş, Azərbaycan Milli Ordusunun təməli qoyulmuşdur. General Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olunmuşdu.

1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ olmuşdu. Ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.

1920-ci ilin aprel ayında XI Qızıl Ordu Azərbaycan sərhədlərinə yaxınlaşmış və A.Mikoyan başda olmaqla Bakı bolşevikləri rus ordusunu Bakıya çağırmışdı. Milli Ordunun sərhəddəki azsaylı hissələri ruslara müqavimət göstərə bilməmişdi. Aprelin 27-də Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını parlament binasına tuşlamış, Bakıda milli hökumət süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyulmuşdu. Bolşevik hökuməti isə artıq 1920-ci il mayın 7-də Azərbaycanda ordu və donanmanın yenidən təşkil edilməsi barədə dekret vermişdi. Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələnmiş, komandirlərin böyük hissəsi represiyaya məruz qalmışdı.

İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix– 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. ADR yarananda Azərbaycanda milli ordu deyilən heç bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O, vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər. Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.

Məhz Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğuna başlanmışdır.

Ümummilli liderimiz Heydər Əliyev öz nitqində Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin müharibə yolu ilə həll edilməsi məsələsinə münasibətini bildirərək demişdir: “Azərbaycanın güclü ordusu var. Müharibə etmək olar.”

Azərbaycan Silahlı Qüvvələrinin təşkilində də əsas məqsəd ölkənin ərazi bütövlüyünü xarici təcavüzdən qorumaqdır. Azərbaycan Respublikası Silahlı Qüvvələri özünəməxsus bir formalaşma yolu keçib. 

1991-ci il oktyabr ayının 5-də “Azərbaycan Respublikası milli özünümüdafiə qüvvələrinin yaranması haqqında”, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyin edilməsi” barədə Prezident fərmanı imzalandı. Bununla da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilinin qanuni əsası qoyuldu.

Ümummili liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra cəmiyyətimizin bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də əsaslı müsbət dəyişiliklər baş verdi. Xalqla prezidentin birliyi orduya münasibəti kökündən dəyişdirdi. Ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunan ordumuz cəbhə bölgələrində dönüş yaradaraq, 1993-cü ilin dekabr ayının 10-da Beyləqan istiqamətində hücuma keçən Ermənistan silahlı qüvvələrini geri çəkilməyə məcbur etdilər. Dekabr ayının 28-də Goranboy, Tərtər, Ağdam istiqamətlərində düşmənin hücumlarının qarşısı alındı.

Ümummilli liderimiz Heydər Əliyevin müdrik uzaqgörən daxili və xarici siyasəti nəticəsində əldə edilmiş atəşkəs rejimindən artıq illər keçir. Bu müddət ərzində ordumuzun möhkəmləndirilməsi, zabit kadrların müasir silahlar və texnika ilə təmin edilməsi, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində mühüm işlər görülmüşdür. Hazırda respublikamızın Silahlı Qüvvələri üçün müxtəlif kateqoriyalardan olan hərbi kadrların hazırlanması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Ali Hərbi məktəblərdə, zabit heyəti təkmilləşdirmə kurslarında, hərbi tibb fakültəsində və gizir hazırlanma kurslarında həyata keçirilir.

Silahlı Qüvvələrin hərbi hissələri və birləşmələrində döyüş və mənəvi-psixoloji hazırlıq planı əsasında dünyanın ən müasir ordularında olduğu kimi təlimlər aparılır. Ordumuz artıq NATO-ilə sıx əməkdaşlıq edərək, müxtəlif NATO üzvü olan ölkələrlə birlikdə təlimlərdə iştirak edir. Nəhayət, bölmələrimizin Beynəlxalq Sülhməramlı Qüvvələrin tərkibində bu gün də Kosovoda, İraqda, Əfqanıstanda iştirak etməsi sübut edir ki, müstəqil Azərbaycan Respublikasını, onun ərazi bütövlüyünü təmin edəcək, erməni işğalçılarını torpaqlarımızdan təmizləməyə qadir olan ordumuz vardır.

Ali Baş Komandanın orduya verdiyi yüksək qiymət Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Eyni zamanda bundan sonra da döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsi, hər bir zabitin, gizirin, əsgər və çavuşun üzərinə düşən xidməti borcun yerinə yetrilməsində məsuliyyət hissini artırır.

Aprel, 2016 ruhumuzun arzuladığı tarixin başlanğıcıdı. Könlümüzdən həmin tarixi, yenidən daha böyük miqyasda yaşatmaq ovqatı keçir. Həmişə inanmışıq, indi də inanırıq ki, Azərbaycan əsgəri Ali Baş Komandanın əmriylə döyüşməyə hazırdı, döyüşəcək və qələbə qazanacaq, torpaqlarımızı işğaldan azad edəcək.

Ordu quruculuğu tarixi bir prosesdir. Bu proses xalqın mənəvi, hərbi, ictimai keyfiyyətləri ilə dolğunlaşır. Ordu dövlətin suverenliyini və onun ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvədir. Ona görə də ordu quruculuğu dövlət quruculuğunun tərkib hissələrindən biridir. Bu gün Azərbaycanın müdafiə qabiliyyəti ölkənin milli maraqlarının təmin edilməsində əsas rol oynayır. 

Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin prioritet vəzifələrindən biri ölkənin təhlükəsizliyinin təminatçısı olan ordunu yaratmaq və formalaşdırmaqdan ibarət idi. Xalqımızın ümummilli lideri Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrların hazırlığı məsələlərini daim önə çəkib.
Azərbaycanda vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Başlanğıcını 1993-cü il noyabrın 2-dən -ulu öndərin xalqa müraciətindən götürən və hərb tariximizə Heydər Əliyevin müasir ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və vahid komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, hətta Horadiz əməliyyatı ilə çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdi.
Ümumilli liderimiz fərmanı imzalamaqla tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində ulu öndər bu barədə deyirdi: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin-ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik."

Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı böyük işlər dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Hazırda ordumuzun arsenalında olan ən müasir texnikalar, artilleriya qurğuları, döyüş təyyarələri və digər silahlar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.

Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşularaq hərbi təlimlərdə iştirak etməsi nizami ordumuzun NATO standartları səviyyəsində hazırlıqlı olduğunun göstəricisidir.

Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə də mühüm layihələr icra olunur. Azərbaycan Ordusunun şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. 

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ordumuzun şəxsi heyətinin xidmət şəraiti getdikcə daha da yaxşılaşır. Əlverişsiz, köhnə hərbi hissələr daha müasir dünya standartlarına cavab verən yeni hərbi şəhərciklərlə əvəz olunur. Şəxsi heyətin döyüş, mənəvi-psixoloji və digər hazırlıqlarının artırılmasına güclü təkan verir.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgələrinə səfərləri zabit və əsgərlərimizin döyüş əzmini artırmaqla xalq-ordu birliyini daha da möhkəmləndirir.
Ordumuzun 2016-cı ilin aprelin əvvəllərində Dağlıq Qarabağda və ötən ilin mayında Naxçıvanda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarında düşmən işğalında olan ərazilərimizin bir hissəsi, bəzi strateji əhəmiyyətli yüksəkliklər azad edildi.   
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir ordumuz və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər bu gün öz böyük səmərəsini verir və bundan sonra da verəcəkdir. Təsadüfi deyildir ki, ötən il Azərbaycan Ordusunun və Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar Azadlıq meydanında keçirilən hər iki parad da ölkəmizin müdafiə qabiliyyətinin göstəricisi və dövlətimizin hərbi gücünün təsdiqi kimi tarixə düşdü.

Azərbaycanda ordu dövlət üçün prioritetdir, ordu quruculuğuna fasiləsiz, dönməz diqqət vardır. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, ən yüksək texnikalarla və qurğularla təchizat, ümumən hərtərəfli diqqət və qayğı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini nəzərə çarpacaq dərəcədə yüksəldib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır." Bu gün Azərbaycan Ordusu nəinki Cənubi Qafqazda, dünyada ən güclü ordular sırasındadır. Bu ordu torpaqları işğaldan tam azad etməyə qadirdir.

 

 

 

Hazırladı: informasiya-resurs şöbəsinin müdiri Z.Nəcəfova



Foto Qalereya