Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
6 İyul , 2019

Ağdərənin adı dəfələrlə dəyişdirilmiş–8 avqust 1930-cu ildə yaradılan rayon 10 sentyabr 1939-cu ilədək Çerabert, 1991-ci ilə qədər Mardakert, sonra isə ilk adı özünə qaytarılaraq Ağdərə adlandırılmışdır.

1992-ci ilin  oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi Tərtər,  Ağdam və Kəlbəcər rayonlarına qatıldı.

1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb. İşğaldan əvvəl Ağdərənin ərazisi 44,4 min nəfər olub. Ağdərənin rayon tipli iki qəsəbə, 57 kənd, 67 klub, 51 kitabxana, 30 orta məktəb, 27 məktəbəqədər müəssisə, 7 xəstəxana, 1 texniki peşə məktəbi işğal altında qalıb. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı  Qarabağını  birləşdirən karvan və avtomobil yolları var idi.

 Ağdərə qədim yaşayış məntəqəsi olduğu üçün burada tarixi, dini, mədəniyyət abidələri də az deyildi. Onlardan ən məşhuru memarlıq nümunəsi sayılan Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Herabert qəsəbəsindəki qalalar, kilsə, Kolatağda 635-ci ildən son illərə kimi qalan məbəd sovet dövründə umumittifaq miqyasda tanınır və qorunurdu. Talış kəndi yaxınlığındakı Urek, Madagizdəki 12-ci yüzilliyin yadigarı, Tərtər çayının yuxarı axarındakı XIII əsrə aid məbədlər, eləcə də  Kasapetdəki  Hatəm Məlik qalasını misal göstərmək olar. Təcavüzə məruz qalan bütün bu abidələrin sonrakı taleyi məlum olmasa da, onların əksəriyyətinin ya məhv edilməsi, yaxud “erməniləşdirilməsi” şəksizdir.

Ağdərə həm faydalı qazıntılarıyla zəngindi. Qızılbulaqda qızıl və mis, Mehmana yatağında qurğuşun, sink, mis yatağı, Canyataq-Gülyataqda qızıl yataqlarını misal göstərə bilərik. Ötən əsrin 80-cı illərinin sonlarında rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı.

Ağdərə şəhəri Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərinin  nəzarəti altına keçir. 1992- ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. Bir il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir .Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir, erməni təcavüzkarları Azərbaycanda baş vermiş siyasi böhrandan istifadə edərək yeni hücum əməliyyatına başlayır. Ermənistan ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal edir.

Ağdərə qədim memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri də düşmən tapdağındadır və bütün bu abidələr düşmən tərəfindən dağıdılıb. Ölkənin  müxtəlif guşələrində məskunlaşaraq Ağdərə qubarını qəlbində həsrətə çevirənlərin bir istəyi, təmənnası var: tez bir zaman ərzində doğma yurda qayıtmaq! Heç kəs unutmamalıdır ki, bizim qarşımızda müqəddəs vəzifə var: Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal olunmuş torpaqlarımızı azad etmək və həmin torpaqlardan didərgin düşmüş soydaşlarımızı öz yerinə-yurduna qaytarmaq, Ağdərənin bütün ərazilərinə yenidən qayıtmaq.

Bu bizim ali məqsədimizdir.