Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
21 İyul , 2019

Ernest Miller Heminquey 1899-cu il iyul ayının 21-də ABŞ-ın İllinoys ştatında OUK Park rayonunda anadan olmuşdur. İlk yazılarını orta məktəb illərində yazmış, məktəbin divar qəzetinin redaktoru olmuşdur. Orta məktəbi bitirdikdən sonra “The Kansas City Star” qəzetində işləmişdir. Valideynlərinin sözünə qulaq asmayan Heminquey universiteti tərk edib müxbirliyə başlamışdır. 1917-ci ildə Amerika yavaş-yavaş Birinci Dünya Müharibəsinə qoşulanda Heminquey orduya müraciət etmiş, lakin sol gözü zəif olduğuna görə qəbul edilməmiş, bir il sonra Qızıl Aypara cəmiyyətinə üzv olaraq könüllü şəkildə təcili yardım maşınında sürücülüyə başlamışdır. Yaxınlığında partlayan topdan yaralanmış özü yaralı olduğu halda italiyalı bir əsgəri çiynində daşımış, həmin vaxt qıçlarından da yaralanmışdır. Bu hadisədən sonra İtaliyada qəhrəman elan edilərək “Gümüş Şərəf Medalı” almış, Milanda müalicə olunarkən bir tibb bacısına aşiq olmuş və bu eşq ona bir şah əsər-“Əlvida, silah” əsərini yazdırmışdır.

“Hekayələr və üç şeir” (1923), “Bizim zəmanəmizdə” (1924) adlı ilk kitabları Parisdə işıq üzü görmüşdür.

1921-ci ildə Hadli Riçardson ilə evlənən yazıçı Parisə qayıtmış və ən çox 1925-1929-cu illərdə məşhurlaşmışdır. 1926-cı ildə “Günəş çıxır” romanı, “Kişilərsiz qadınlar” (1927) kitabı nəşr edilmişdir. Nisbətən sonrakı dövrün məhsulu olan “Zəng kimin üçün çalınır?” (1940) romanı ilə birlikdə “Əlvida, silah” üslub gözəlliyi və ifadəliliyi baxımından Heminqueyin ən yaxşı əsəri sayılırdı.

İspan korridasından bəhs edən “Günortadan sonra ölüm” (1932), yaxud “Afrikanın yaşıl təpələri” (1935) sənədli povestləri, bu dövrün ən uğurlu əsərləri “Frensis Makomberin ani xoşbəxtliyi” və “Klimancaro qarları” (1932) kimi hekayələrin müəllifidir. İspaniyadakı vətəndaş müharibəsi Heminqueyin bir sıra diqqətəlayiq cəhətlərini üzə çıxarmışdır. “Beşinci dəstə” (1937) pyesi və “Zəng kimin üçün çalınır?” (1940) romanı bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıxmışdır.

1949-cu ildə yazıçı yenidən Kubaya gedərək, burada yaşamağa başlamışdır.

1952-ci ildə ona dünya şöhrəti gətirəcək “Qoca və dəniz” povestini yazmış, povest beynəlxalq aləmdə dərhal böyük əks-sədaya səbəb olmuşdur. 1953-cü ildə bu əsərə görə Ernest Heminqueyə beynəlxalq “Pulitser” mükafatı verilmişdir. 1954-cü ildə isə Nobel mükafatına layiq görülmüşdür. 1956-cı ildə “Həmişə səninlə olan bayram” adlı avtobioqrafik əsərini qələmə almışdır.

Ernest Heminquey 1961-ci il iyul ayının 2-də Ketçumdakı evində intihar etmişdir.