Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
22 İyul , 2019

22 iyul-Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 1875-ci il 22 iyul tarixində nəşr etdirdiyi  “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyaların əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

XX əsrin əvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynamışlar. “Şərqi-Rus”, “Həyat”, ”Füyuzat”, “Tazə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışmışlar.

Azərbaycan mətbuatı Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün -22 iyul Azərbaycan Mətbuatı və Jurnalistikası Günü elan edilmişdir.

Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli dərəcədə irəliləyiş baş vermişdir. Hazırda ölkədə 5000-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyata alınmışdır. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından  region ölkələrini qabaqlamışdır.

Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılmış və “Mətbuat haqqında” Qanun qəbul edilmişdir. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər  azadlıqlar möhkəmləndirilmişdir.

Ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdir.