Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
1 Avqust , 2019

1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Bu gün milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atmışdır. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoymuşdur. 1995-ci ildə müstəqil dövlətimizin ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi olmuşdur.

Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edilmişdir. “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ulu öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq etmişdir.

Ümummilli liderin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı ilə avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

2002-ci il 30 sentybar tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addım olmuşdur. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” Sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Prezident İlham Əliyev 2018-ci il noyabr ayının 1-də Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalamışdır. Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq tapşırılmışdır.