Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
1 Avqust , 2019

Azərbaycanda ilk ümumi açıq milli kitabxananın əsası 1894-cü ildə Nəriman Nərimanov tərəfindən qoyulmuşdur. O, görkəmli ziyalılardan S.M.Qənizadə, H.Mahmudbəyov, S.Vəlibəyov, Ə.Axundov, Ə.Cəfərzadənin yaxından köməyi ilə Xaqaninin, Nizaminin, Füzulinin, Sədinin, Hafizin, Firdovsinin, A.Bakıxanovun, M.F.Axundovun, M.P.Vaqifin, Q.Zakirin, S.Ə.Şirvaninin və b.-nın əsərlərini, həmçinin jurnal və qəzet komplektlərini toplamağa başlamışdı. Bakı qubernatorunun icazəsi ilə Qorçakov küçəsində (indiki Fəvvarələr bağının yanında yerləşən dördmərtəbəli binanın birinci mərtəbəsində) ilk kütləvi milli qiraətxana açıldı.

1894-cü il avqustun 1-də fəaliyyətə başlamış “Nəriman qiraətxanası” qısa müddət ərzində təkcə Zaqafqaziyada deyil, Rusiyada və Şərq ölkələrində rəğbətlə qarşılandı.

O dövrdə kitabxana-qiraətxananı lazımi ədəbiyyatla təmin etmək olduqca çətin idi. Buraya Kəlküttə, İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər şəhərlərdən xeyriyyə yolu ilə qəzet, jurnal və kitablar göndərilirdi. Qəzet və jurnalların çoxu milyonçu H.Z.Tağıyevin hesabına alınırdı.

Qiraətxanaya giriş haqqı 2 qəpik idi. Oxucuların suallarına tez və vaxtında cavab vermək üçün kataloq düzəldilmişdi. Kitabxanaçı-qiraətxanaçı vəzifəsində Nərimanovun ən yaxın silahdaşlarından olan Əlisgəndər Cəfərov işləyirdi. Kitabxana-qiraətxananın fəaliyyətə başladığı bir ay ərzində ora 710 nəfər oxucu gəlmiş, bunlardan 151 nəfəri azərbaycanlı, digər qismi isə müxtəlif millətlərin nümayəndələri idi. Bu da o zaman Zaqafqaziya kitabxanalarının heç birinin malik olmadığı bir rəqəm idi.

N.Nərimanov qiraətxananı yalnız yaşatmaq deyil, həm də onun imkanlarını genişləndirmək, gənc nəslin mənəvi tərbiyəsi üçün bir baza yaratmaq istəyirdi. Bu məqsədlə kitabxananın yanında gənc ədəbiyyat həvəskarlarının, gənc aktyorların dərnəkləri təşkil edilmişdi. Dərnəklərdə həm bədii əsərlər oxunub müzakirə edilmiş, həm də Azərbaycanın teatr mədəniyyəti tarixində xüsusi rol oynamış bir neçə əsər tamaşaya qoyulmuşdu. Tamaşadan yığılan pullar qiraətxanaya verilmişdi.

“Kaspi” qəzeti 6 mart 1897-ci il tarixli nömrəsində yazırdı ki, N.Nərimanov qiraətxanada bir müəllimin əməkdaşlığı ilə uşaq kitabları şöbəsi yaratmışdır.

İlk milli qiraətxana dörd il fəaliyyət göstərmişdir. Çar hakim dairələri gənclərin qiraətxana ətrafında sıx toplaşmasından ehtiyat edərək, 1898-ci ilin oktyabr ayında onu şübhəli siyasət ocağı kimi bağlatmışdı. Buna baxmayaraq, milli mədəniyyətin yüksəlişində ilk cığır açan “Nəriman qiraətxanası” Azərbaycan xalqının ictimai fikrində yeni səhifənin başlanğıcı olmuşdur.

Ağır şəraitdə dörd il fəaliyyət göstərən bu maarif mənbəyi, şübhəsiz ki, ölkənin mədəni inkişafında, xalqın  milli şüurunun yüksəlməsində mühüm rol oynayıb.