Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
18 Avqust , 2019

Məlum olduğu kimi, Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci il dövrünə təsadüf edir. 1918-ci il iyun ayının 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılmış, digər istiqamətlərdə də oxşar məntəqələrin yaradılması işinə başlanılmışdır. 1919-cu il avqust ayının 18-də Azərbaycan Demokratik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edildikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilmişdir.

Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən ulu öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərmiş, milli sərhəd siyasətinin əsasını qoymuş, sərhəd strategiyasını müəyyənləşdirmişdir. Ümumiyyətlə, üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, ilkin zəruri sərhədlərimizdə infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

2000-ci il avqust ayının 16-da Prezident Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin-18 avqustun Azərbaycan Respublikasının Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı Günü kimi elan edilməsi haqqında Sərəncam imzalamışdır.