Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
4 Oktyabr , 2019
Bu gün Beynəlxalq Heyvanları Müdafiə Günüdür.
Oktyabrın 4-də bütün dünyada Beynəlxalq Heyvanları Müdafiə Günü kimi qeyd olunur.
Bu əlamətdar gün 1931-ci ildə Florensiyada (İtaliya) ekoloqların beynəlxalq konqresində heyvanların müdafiəsi üçün təqvimə daxil edilib. Oktyabrın 4-ü ona görə seçilib ki, bu gündə müqəddəs katolik Fransisko Assizko vəfat edib. Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransiskonu heyvan və quşların əhatəsində təsvir ediblər.
Bu gün milliyyətindən, inancından, dinindən, siyasi baxışından və ya ideologiyasından asılı olmayaraq heyvansevər hər bir kəs tərəfindən qeyd edilir. Beynəlxalq Heyvanları Müdafiə Günü bütün heyvansevərlərə bir yerə toplaşmaq və xeyirxah işlər görmək üçün gözəl imkan yaradır.
Respublikamızda heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Nəsli kəsilməkdə olan heyvanların adı “Qırmızı kitab”a daxil edilib, onlar qoruqlar, yasaqlıqlar, milli parklarda mühafizə olunur, sayları artırılır.
Hazırda respublika ərazisində mövcud olan 223 heyvan növünün adı “Qırmızı kitab”a daxil edilib.
Hər kəs yaxşı dərk etməlidir ki, vəhşi təbiətin, fauna və flora növlərinin yox olmasının qarşısını birgə mübarizə aparmaqla ala bilərik. Dünya Heyvanlarının Müdafiə Günü bütün heyvansevərlərə birlikdə toplaşmaq və ən əsas da xeyirli işlər görmək üçün gözəl imkan yaradır.