Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
7 Yanvar , 2020

Şair Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan "Çağlayan" 1962-ci ildə nəşr olunub. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub. 1987-ci ildəAzərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Şair həmçinin Azərbaycan SSR dövlət mükafatı laureatı olub.

Rəfiq Zəka Xəndan keçən əsrin 80-90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Şair demək olar ki, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olub. Həmin illərdə Rəfiq müəllim Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırıb. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc edib. Türkiyədə kitabları çap olunub, haqqında monoqrafiyalar nəşr edilib, yaradıcılığından məhəbbətlə, böyük qürurla söz açılıb.

Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru idi, tələbələrə “Estetika” fənnindən maraqlı mühazirələroxumaqla yanaşı, onların Azərbaycançılıq, türkçülük ruhunda tərbiyəsində böyük rol oynayıb. Universitetdə mühazirələr zamanı estetik zövqün formalaşmasında ədəbi irsin rolunu qeyd edərkən, çağdaş Azərbaycan və türk poeziyasının incilərindən gətirdiyi iqtibaslar və bir millət iki dövlətin nəzminin dil tərkibi və vəzn uyarlığını özünəməxsus tərzdə izah edirdi.

R.Z.Xəndan heca və əruz vəznlərində əsərlər yazıb. Əsərlərinin mövzusu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edib. 30-dan çox kitabı nəşr olunub. Əsərləri müxtəlif dillərə tərcümə edilib. Onun yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda görkəmli sənət adamları - yazıçılar, şairlər və alimlər maraqlı fikirlər söyləyib.

R.Z.Xəndan həm də bir alim kimi diqqət mərkəzində olub. Klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, eləcə də Türkiyə türkcəsini dərindən bilib. Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirib. Gözəl dramaturq olub, dünya klassik ədəbiyyatı nümunələrini tərcümə edib.

R.Z.Xəndan həm də nəğməkar-şair olub. Tanınmış bəstəkarların, demək olar ki, əksəriyyəti onun şeirlərinə mahnılar bəstələyib. Bu mahnılardan “Ana Kür”, “Səadət”, “Qarabağım” bu gün də müğənnilərin repertuarında geniş yer alır. Onun şeirlərində maraqlı ritm, həzin, kövrək məlahət var.

Rəfiq Zəka Xəndan yaradıcılığında ayrılıq nisgili, yurd, vətən həsrəti və birlik, bütövlük arzusu, yanğısı görünür. Soy-kökə, türklüyə böyük məhəbbət və bağlılıq duyulur:

Ey Zəka, millətimin mən quluyam,

Millətimin qayğılarıyla doluyam.

Nə qədər bizlər üçün duyğuluyam,

O qədər yadlar üçün qorxuluyam