Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
19 May , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan muzeyləri haqqında informativ videoçarx hazlrlayıb.

Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunub. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd edilir.

"Muzey" yunan sözü olub, "muzalar məbədi" deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular.

Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılıb. 

Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. XX əsrin əvvəllərində ilk milli muzeyin yaradılması  Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyi fəaliyyətə başlayıb. Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar və əlyazmalar toplanıb.

Sovet hakimiyyəti illərində Respublikada muzey şəbəkəsi daha da genişlənib: Nizami adına Ədəbiyyat muzeyi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, əksər rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir. İftixar hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada birinci yaradılan və ən böyük xalça kolleksiyası olan muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi var.

Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "səma altında muzey" adlandırmışdır.

Videoçarxı aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://youtu.be/vWkwi6vBE3s

https://www.instagram.com/tv/CAUpS8Ohhlr/?igshid=1robwosvd6rbq

https://www.facebook.com/profile.php?id=100008315450393