Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
28 May , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının baş kitabxanaçısı T.Qasımova görkəmli nasir İ.Əfəndiyevin anadan olmasının 106-cı il dönümü münasibətilə videoçarx hazırlayıb.

Nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq yazıçısı İlyas Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində anadan olub.

Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışıb, mütaliəyə böyük maraq göstərib. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi “əla” qiymətlərlə bitirib. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləyib. Onun ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, eləcə də “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunub.

XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı”nı yaradıb. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunublar. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olub.

Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişib. O, Fəxri xiyabanda dəfn olunub.

Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz:

https://youtu.be/_Jhrh8XJ6OE

https://www.instagram.com/tv/CAqdcQsgjXX/?igshid=oc4le9jmlxkw

https://www.facebook.com/profile.php?id=100008315450393