Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
28 May , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 1, 2, 3, 5, 7, 8, 11, 12 nömrəli filialları 28 May - Respublika Günü münasibətilə videoçarxlar hazlrlayıblar. Videomateriallardan Azərbaycanın müstəqillik tarixi, Xalq Cümhuriyyətinin yaranışı və onun tarixi rolu haqqında məlumatlar öz əksini tapıb.

May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.

Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşub. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edilib. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olub, Şərqin ilk demokratik respublikasının təməlini qoyub. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə olub.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 

Yüz iki il əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıb. İlk cümhuriyyətimizin yaranışı tarixin dolaşıq vaxtına düşüb. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyulub. Türk dünyasının ilk müstəqil dövləti süquta uğrayıb.

Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxıb, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb edib. Bu yolda məhrumiyyətlərə düçar edilib, şəhidlər verib, lakin yolundan dönməyib. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan edib. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qalıb, torpaqlarımız qəsb olunub, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib gedib. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün olub.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirilib və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoyub. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlanıb. 

Videoçarxları aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://youtu.be/kSJXfr9ZIrk 

https://youtu.be/0Aq2yGc741w 

https://youtu.be/WZXQrfkNsdM

https://youtu.be/JzzG0oJk_cM

https://youtu.be/Ztp--porXl0

https://youtu.be/UQZYbiowb6U

https://youtu.be/OgsEYrWqjZQ

https://youtu.be/ScR48Cj9AWU

https://youtu.be/5lREKri5XMk

https://youtu.be/ne_T1BYY8cg

https://youtu.be/2BEpcWfIQtw

https://instagram.com/sabuncurayon_mks?igshid=10e4prwlxg8a0

https://www.facebook.com/profile.php?id=100008315450393